Fortran (əvvəllər böyük hərflərlə – FORTRAN yazılırdı) proqramlaşdırma dillərinin ən qədimlərindən biri olaraq 1950-ci illərdə IBM tərəfindən yaradılıb. Bu dilin adı FORmula TRANslation (yəni, "Formula Tərcüməsi") sözlərinin qısaldılmasından götürülüb. Fortran xüsusilə elmi və mühəndislik hesablamaları üçün hazırlanmış ilk yüksək səviyyəli proqramlaşdırma dilidir. O dövr üçün böyük yeniliklərdən biri olan Fortran, riyazi tənliklərin, kompleks hesablama alqoritmlərinin və elmi tədqiqatlar zamanı lazım olan digər riyazi əməliyyatların kompüterlərdə həyata keçirilməsini mümkün etmişdir.
Fortran, 60 ildən çox tarixinə baxmayaraq, bu gün də bəzi xüsusi sahələrdə aktiv şəkildə istifadə olunur. Əsasən meteorologiya, astrofizika, kimyəvi modelləşdirmə, nüvə fizikası və digər elmi araşdırmalar zamanı geniş yayılmışdır. Bunun əsas səbəbi Fortranın sürətidir. Çox zaman C++ kimi daha müasir dillərlə müqayisədə Fortran bəzi hesablamalarda 20-30% daha sürətli nəticə verir. Bu isə xüsusilə yüksək performans tələb edən layihələrdə, məsələn, superkompüterlərdə, Fortranı ideal seçimə çevirir.
Fortran müxtəlif versiyaları ilə zamanla təkmilləşib. İlk versiyası olan Fortran I 1957-ci ildə təqdim edilmiş, daha sonra Fortran II, Fortran IV, Fortran 77, Fortran 90 və daha yeni versiyalar yaradılmışdır. Hər bir yeni versiya yeni funksionallıqlar və təkmilləşdirilmiş sintaksis təklif edərək dili daha da gücləndirmişdir. Xüsusilə Fortran 90 ilə strukturlaşdırılmış proqramlaşdırma və modul dəstəyi əlavə edilib ki, bu da proqramçıların daha mürəkkəb layihələr üzərində işləməsində böyük rol oynayıb.
Bu dili öyrənərkən Azərbaycan dilində resursların olmadığını gördüm. Buna görə də mən Fortran haqqında yeni başlayanlar üçün öyrədici olacaq sayt hazırladım. Bu saytda Fortranın tarixi, versiyaları, tətbiq sahələri və sintaksisi ilə bağlı əsas məlumatlar yer alır. Həmçinin, yeni başlayanlar üçün sadə dərsliklər, proqram nümunələri və müxtəlif praktiki tapşırıqları mövcuddur. Saytda təqdim edilən dərsliklər addım-addım öyrənmə prinsipi ilə tərtib edilib, yəni istənilən səviyyədə olan istifadəçiyə uyğundur. Bura kliklə.
Ümid edirəm bu sayt sizə Fortran dünyasına asan və effektiv yol açacaq.